Azərbaycanın tarixi Qələbəsi münasibətilə Monteneqroda yürüş təşkil olunub VİDEO
Monteneqroda yaşayan Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin üzvləri və “Azmont Investments” şirkətində çalışan azərbaycanlıların iştirakı ilə Podqoritsa şəhərində və Herseq Novidə Bayraq və Qələbə günləri münasibətilə yürüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları tarixi gün münasibətilə Podqoritsa şəhərində Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin büstünü də ziyarət ediblər. Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Azərbaycan!”, “Qarabağ!” şüarları səsləndiriblər.
Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə yürüş iştirakçılarını tarixi Qələbə münasibətilə təbrik edib. O, Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, diplomatik məharəti və müdrikliyi, rəşadətli Azərbaycan Ordusunun cəsarəti və igidliyi nəticəsində əldə olunduğunu bildirib. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalqımızın qələbələrinin davamlı olacağına əminliyini ifadə edib. Xarici ölkələrdə, o cümlədən Mionteneqroda yaşayan hər bir azərbaycanlının bu günlərdə göstərmiş olduğu həmrəylik və birliyə görə təşəkkürünü ifadə edib.
İştirakçılar bu günün bütün azərbaycanlıların həyatında ən xoşbəxt gün olduğunu vurğulayaraq, belə xoşbəxt anları xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza təşəkkürlərini bildiriblər.