Azərbaycan diasporu Monteneqroya yardımını əsirgəmir
Azərbaycan COVID-19 pandemiyası zamanı dost ölkələrə, o cümlədən Monteneqroya yardımını əsirgəmir.
Pandemiya dövründə Azərbaycan hökuməti və iş adamları dəfələrlə Monteneqroya müxtəlif formada yardımlar ediblər.
Belə ki, bu istiqamətdə “Azerbaijan Global Investments” şirkətinin Monteneqroda fəaliyyət göstərən törəməsi “Azmont Investments” bu ölkədə yaradılmış İnfeksion Xəstəliklərin Koordinasiyası üzrə Milli Mərkəzə 20 min avro vəsait köçürüb.
Habelə Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan 30 ailəyə yardımın göstərilməsi məqsədilə paytaxt Podqoritsa bələdiyyəsinə zəruri ərzaq məhsullarından ibarət yardım paketləri təqdim edilib.
Monteneqronun Azərbaycandakı fəxri konsulu, iş adamı Vüqar Əliyev ölkədə koronavirusla mübarizəyə dəstək məqsədilə 5000 maska hədiyyə edib. Eyni addımı azərbaycanlı iş adamı Rəsul Hüseynli də atıb.