Monteneqronun xəbər portalında Azərbaycanın bu ölkə ilə münasibətlərinə həsr olunan məqalə dərc edilib
Monteneqronun “Crnogorski Portal” xəbər portalında Azərbaycan-Monteneqro münasibətlərinin inkişafından bəhs edən məqalə dərc olunub.
Məqalədə son illər iki ölkə arasındakı münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığı vurğulanır, siyasi, iqtisadi, mədəniyyət və humanitar sahələrdə aktiv əməkdaşlığın mövcud olduğu qeyd edilir.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulur, Monteneqronun münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.
İki ölkə arasında iqtisadi əməkdaşlıqdan bəhs edilərkən Azərbaycanın Monteneqroya ən çox sərmayə yatıran ölkələr arasında yer aldığı bildirilir. Keçən il Azərbaycan və Monteneqro hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda keçirilmiş ikinci iclası və Azərbaycan-Monteneqro biznes forumu haqqında məlumat verilir. Həmçinin ölkələrimiz arasında enerji, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair geniş imkanların olduğu qeyd edilir.
TAP layihəsinin davamı olan İon-Adriatik qaz boru xətti layihəsinə Monteneqronun böyük önəm verdiyi, layihənin bütün bölgə üçün əhəmiyyət daşıdığı bildirilir.
Turizm imkanlarına da toxunulan məqalədə 2013-cü ildən başlayaraq iki ölkə arasında birbaşa hava xəttinin həyata keçirildiyi, həmçinin 2015-ci ildən Monteneqroya səyahət edən Azərbaycan vətəndaşlarının vizadan azad edilməsinin böyük addım olduğu diqqətə çatdırılır.
Monteneqronun paytaxtı Podqoritsanın gözəl guşələrindən birindəki Kral parkında iki ölkənin dostluq münasibətlərinin rəmzi olaraq görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin abidəsinin ucaldıldığı qeyd edilir.
Məqalədə, həmçinin mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın mövcud olmasından söz açılır.