Monteneqro mətbuatında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Monteneqro mətbuatında Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş məqalələr dərc edilib.
Məqalələrdə erməni qəsbkarları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı əhalisinə qarşı törədilmiş vəhşiliklərdən geniş bəhs olunur.
Bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.
Qeyd olunur ki, Xocalı faciəsini törədən Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirdi, daha yeddi rayonu işğal edərək Dağlıq Qarabağ sərhədini keçdi və nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi və hüquqi qiymət verilib. 1994-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-sını Xocalıda Soyqırımı Günü elan edib.
Yazılarda, həmçinin Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və təcavüzkarın ifşa olunması istiqamətində atılan addımlardan bəhs olunur. Bildirilir ki, 2008-ci il mayın 8-dən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, həmçinin ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı olaraq dəyərləndirib.