Azərbaycan ilə Monteneqro arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub
Mədəniyyət naziri Əbülfəs Qarayev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı təkliflər, yaradıcı sənaye sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Əbülfəs Qarayev Monteneqro ilə əlaqələri daha da gücləndirmək, təcrübə mübadiləsini təşkil etmək üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığa dair Fəaliyyət Planının imzalanması istiqamətində iş aparılır.
Nazir Azərbaycanda keçirilən konsert, festival və sərgilərdə Monteneqro tərəfinin də təmsil olunmasında ölkəmizin maraqlı olduğunu vurğulayıb. Yaradıcı mədəniyyət sənayeləri istiqamətində həyata keçirilən layihələr haqqında qonağa məlumat verən nazir, ölkəmizin bu sahədə Monteneqronun təcrübəsindən də yararlanmağa maraq göstərdiyini bildirib.
Öz növbəsində Aleksandar Boqdanoviç mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələsində azərbaycanlı həmkarı ilə həmfikir olduğunu, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Vurğulanıb ki, Monteneqro da iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıdır.
Görüşdə, həmçinin iki ölkə arasında kitabxana, muzey, incəsənət sərgiləri və klassik musiqi sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.