2019-09-07

Ölkəmiz Monteneqroda “Ratkoviç poeziya axşamları” festivalında təmsil olunub

Monteneqronun Biyelo Polya şəhərində 49-cu “Ratkoviç Poeziya axşamları” festivalı keçirilib. Ölkəsində diplomat kimi də tanınan Monteneqronun ən tanınmış şairlərindən biri Risto Ratkoviçin xatirəsinə həsr olunan festival regionun ən böyük və əhəmiyyətli mədəniyyət tədbirlərindən biri hesab edilir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Avropada mədəniyyət hadisəsinə çevrilən beynəlxalq festival Risto Ratkoviçin xatirəsinin anılması məqsədilə anadan olduğu Biyelo Polya şəhərində artıq 49 ildir təşkil edilir.

Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviçin açıq elan etdiyi tədbirə, Balkan regionu ölkələri ilə yanaşı, Türkiyə, Almaniya, Avstriya, Çin, Ukrayna, İspaniya və digər ölkələrdən tanınmış mədəniyyət və incəsənət xadimləri qatılıblar. İlk dəfə bu festivalda ölkəmizi “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə təmsil edib.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin dəvəti, Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin dəstəyi ilə tədbirdə iştirak edən Nigar Həsənzadənin şeirləri və Monteneqro dilinə tərcümə edilmiş şeirlərinin Azərbaycan dilində ifası böyük maraq və alqışlarla qarşılanıb.

Festival çərçivəsində Nigar Həsənzadə Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç, akademik Zuvdiya Hodzic, Müstəqil Yazıçılar Birliyinin sədri Milorad Popoviç, tanınmış dramaturq və yazıçı Dragana Tripkoviç, “Nyegoş” Xalq kitabxanasının təmsilçiləri Bojidar Proroçiç və Olivera Martinoviçlə görüşlər keçirib.

Monteneqro tərəfinin təşəbbüsü ilə Nigar Həsənzadənin yeni kitabının Monteneqro dilinə tərcümə edilməsi və çap olunması qərara alınıb.

Arxiv üzrə axtarış