2019-06-25

Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iyunun 25-də Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib. Tədbirdə hər iki ölkə hökumətlərinin yüksək vəzifəli rəsmiləri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Forumun açılış tədbirindən əvvəl Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Monteneqronun Baş Naziri Duşko Markoviçi və digər qonaqları forumda təqdim edilən Azərbaycan stendi ilə tanış edib, ölkəmizin iqtisadi inkişafı, ixrac imkanları, mühüm iqtisadi layihələri və s. barədə məlumat verib.

Forumun açılışında çıxış edən S.Babayev hər iki tərəfin işgüzar dairələri arasında baş tutacaq bugünkü görüşün Azərbaycan və Monteneqronun iqtisadi əməkdaşlığının sərhədlərini daha da genişləndirəcəyinə və hər iki dövlətin biznes potensialının inkişafı üçün yeni imkanlar yaradacağına ümidvar olduğunu deyib. Nazir Azərbaycanın Monteneqroda ən böyük investorlardan biri olduğunu deyib, Azərbaycan şirkətləri və investorlarının fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli mühitin yaradılması və saxlanılmasına görə Monteneqro hökumətinə təşəkkürünü ifadə edib. O, bank, energetika, turizm və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi barədə də davamlı danışıqlar aparıldığını, Monteneqronun Herseq-Novi şəhərində “Azmont İnvestments” şirkəti tərəfindən turizm kompleksinin tikinti işlərinin davam etdirildiyini, 2016-cı ildən Monteneqroda Azərbaycan bankı olan “Nova Bank” fəaliyyət göstərdiyini qeyd edib.

İki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu deyən nazir bu sahədə dinamik artım tempini statistik məlumatlar əsasında diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd ticarət həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. Azərbaycan-Monteneqro Hökumətlərarası Komissiyası bu istiqamətdə ciddi işlər aparacaq ki, bu da, öz növbəsində, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcək.

Nazir ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, iqtisadi və sosial sahədə mühüm nailiyyətlər əldə edən Azərbaycanın xarici iqtisadi əlaqələrinin coğrafiyası da genişlənib. Ölkənin ixrac imkanlarının artırılması, ticarətin əmtəə strukturunun təkmilləşdirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, indiyə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşür.

Ölkənin ixrac imkanlarının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, müxtəlif ölkələrdə Azərbaycan Ticarət Evlərinin yaradılması və s. sahələrdə aparılan işləri qeyd edən S.Babayev yaxın zamanda Monteneqroda da Azərbaycan Ticarət Evinin açılacağına ümid etdiyini deyib. O, bugünkü görüşün turizmin inkişafına da yeni təkan verəcəyini və bu sahənin nümayəndələrinin qarşılıqlı faydalı layihələri müzakirə edə biləcəklərini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və görülmüş işlər nəticəsində cari ilin birinci rübündə ölkəmizdə ümumi daxili məhsul 3 faiz artıb və bu, son bir neçə il ərzində ən yüksək göstəricidir. Sənaye istehsalında 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalında 15,6 faiz, kənd təsərrüfatında 3,6 faiz, əhalinin gəlirlərində isə 5,5 faiz artım özünü göstərib. İnflyasiya aşağı səviyyədə - 2,1 faizdir. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə yatırılıb, bunun 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Cari ilin fevral ayının sonuna ölkəmizin valyuta ehtiyatları 47 milyard dollara yaxın olub.

Son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində görülən mühüm işləri diqqətə çatdıran nazir Azərbaycanın xarici investorların fəaliyyəti üçün əlverişli investisiya məkanına çevrildiyini vurğulayıb. O, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələrinin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapdığını, Dünya Bankı tərəfindən hazırlanmış “Doing Business” hesabatına əsasən 2018-ci ildə 57-ci yeri tutan Azərbaycanın 2019-cu ildə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını deyib. Bildirib ki, Azərbaycan hesabat göstəricilərini yaxşılaşdırmış 10 ölkədən biri olub. Həmin 10 ölkə əsasən biznesin başlanması, kredit almaq və vergilərin ödənilməsi sahəsində 62 islahat həyata keçirib. Azərbaycan 10 göstəricinin 8-i üzrə islahatlar apararaq öz mövqeyini yaxşılaşdırıb və islahatların sayına görə dünyada birinci yeri tutub.

S.Babayev Azərbaycanla Monteneqro arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb, hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib, biznes forumun bütün iştirakçılarına uğurlar arzulayıb.

Monteneqronun Baş Naziri Duşko Markoviç çıxış edərək iki ölkə arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin getdikcə genişlənməsinin məmnunluq doğurduğunu qeyd edib. O, Monteneqro iqtisadiyyatına investisiya qoyuluşuna görə Azərbaycanın ön sıralarda dayanan ölkə olduğunu diqqətə çatdırıb. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və gələcəkdə ikitərəfli əməkdaşlığın daha geniş miqyas alacağına əminliyini bildirib.

D.Markoviç və digər çıxış edənlər hazırkı forumun, eləcə də Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın bu gün Bakıda keçiriləcək ikinci iclasının qeyd olunan sahədə növbəti irəliləyişlərə imkan yaradacağını vurğulayıb.

Arxiv üzrə axtarış