2019-06-01

Monteneqronun Çetinye şəhərində Azərbaycan ilə bağlı tədbir təşkil edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi tərəfindən Monteneqronun tarixi paytaxtı Çetinye şəhərindəki “Nyeqoş” xalq kitabxanasında Azərbaycana həsr olunmuş geniş mədəni tədbir və şahmat turniri təşkil edilib.

Şahmat turnirini Yuqoslaviyanın və Monteneqronun əfsanəvi şahmatçısı, qrossmeyster Bojidar İvanoviç açaraq, Azərbaycanın güclü şahmat məktəbi və ənənələri haqqında geniş məlumat verib. B.İvanoviç Monteneqroda şahmatın təşviq edilməsində töhfələrinə görə Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinə təşəkkürünü bildirib. Turnir 15 yaşına qədər uşaqlar arasında keçirilib və sonda qaliblər mükafatlandırılıb.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin və “Nyeqoş” xalq kitabxanasının şurasının üzvü, publisist Bojidar Proroçiç dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin həyat və fəaliyyətindən, dünya elminə verdiyi töhfələrdən bəhs edən məruzə ilə çıxış edib.

Daha sonra “Nyeqoş” və “Lovçen Partizanları” orta məktəblərinin şagirdləri Monteneqro dilində Abdulla Şaiq, Səməd Vurğun, Əzizə Əhmədova, Mirvarid Dilbazi, Mirzə Ələkbər Sabir, İlyas Tapdıq, Ələmdar Quluzadə, Məmməd Araz, Fikrət Qocan və Nəbi Xəzrinin şeirlərini söyləyiblər.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə mədəniyyət proqramının və şahmat turnirinin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi və nailiyyətləri, müasir Azərbaycanın inkişafı və uğurları, həmçinin Azərbaycan-Monteneqro əlaqələri haqqında geniş məlumat verib.

Sonda Azərbaycan-Monteneqro əlaqələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir böyük marağa səbəb olub və yerli KİV-lərdə geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış