2019-05-03

Azərbaycanla Monteneqro arasında miqrasiyanın idarəedilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Monteneqronun daxili işlər naziri Mevludin Nuhodzic ilə görüşüb.

DMX-dən a bildiriblər ki, Xidmət rəisi Azərbaycan və Monteneqro arasında mövcud sıx dostluq münasibətlərinin və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, son illərdə iki dövlətin prezidentlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisidir. Bundan başqa, parlamentlər arasında da sıx əlaqələr var, iqtisadi, turizm və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə Monteneqronun müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin miqrasiya sahəsində respublikamızın ərazilərinin işğalı faktını özündə əks etdirən ilk ikitərəfli saziş olduğunu diqqətə çatdırıb.

Mevludin Nuhodzic Azərbaycan-Monteneqro münasibətlərinin hərtərəfli inkişafına və miqrasiya sahəsində əməkdaşlığın perspektivlərinə toxunaraq iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə miqrasiyanın idarəedilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, qanunsuz miqrasiya ilə birgə mübarizə, turizm potensialının artırılması, sadələşdirilmiş viza siyasəti, səmərəli təcrübə və məlumat mübadiləsinin aparılmasının təmin edilməsi, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Monteneqronun daxili işlər naziri Mevludin Nuhodzic Dövlət Miqrasiya Xidmətində yaradılmış Heydər Əliyev muzeyi ilə tanış olub və buradakı xatirə kitabına ürək sözlərini yazıb.

Arxiv üzrə axtarış