2019-04-29

Azərbaycan və Monteneqro arasında mədəni əlaqələr genişlənir

Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin rəhbəri Seyran Mirzəzadə və Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin konsulu Orxan Əliyev Bielo-Pole şəhərinin bələdiyyəsini ziyarət ediblər.

Bu münasibətlə Bielo-Pole Mədəniyyət Mərkəzi, “Ratkoviç poeziya axşamları” ictimai birliyi və “Mədəniyyət klubu” qeyri-hökumət təşkilatı şəhərdə Azərbaycan mədəniyyətinə həsr olunmuş proqram təşkil ediblər.

Risto Ratkoviç Mədəniyyət Evində orta məktəb şagirdləri arasında “Azərbaycan mənim gözümlə” mövzusunda ən yaxşı rəsm və inşa müsabiqəsinin qaliblərinin sərgisi və mükafatlandırma mərasimi keçirilib.

Sonra Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzi və “Mədəniyyət klubu” qeyri-hökumət təşkilatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Bielo-Pole şəhərindəki orta məktəbdə müəllimlər arasında şahmat turniri də keçirilib. Şahmatın təbliği məqsədilə Seyran Mirzəzadə məktəbə maqnit şahmat lövhəsi hədiyyə edib.

Şəhərin Milli Kitabxanasında akademik Kamal Abdullanın Monteneqro dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” kitabı da təqdim edilib. Seyran Mirzəzadə və kitabxananın direktoru Edin Smailoviç kitabın məzmunu barədə ətraflı məlumat veriblər.

Arxiv üzrə axtarış