Monteneqro XİN-nin Bakıda diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubu Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim edilib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviç ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Pərvin Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.
Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən müvəqqəti işlər vəkili ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Bu xüsusda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.
Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.