2019-04-02

AMEA ilə Monteneqro Elmlər və İncəsənət Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Monteneqro Elmlər və İncəsənət Akademiyasının (MEİA) prezidenti, professor Draqon Vukçeviçlə görüş keçirilib.

AMEA-dan  bildirilib ki, görüşdə iki ölkənin akademiyaları arasında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik A.Əlizadə və professor D.Vukçeviç imzalayıblar.

Akademik Akif Əlizadə qonağa rəhbərlik etdiyi elm ocağının yaranma tarixi və qurumun Azərbaycan elminin inkişafında rolu haqqında məlumat verib. Bildirib ki, AMEA ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb, böyük bir elmi məktəb yaradıb, tarixi nailiyyətlərə imza atıb.

A.Əlizadə AMEA-nın inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən də danışıb. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bütün sferalarda olduğu kimi, elm sahəsində də ciddi dəyişikliklərin baş verdiyini, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb.

O, AMEA-da 2015-ci ildən fəaliyyət göstərən magistratura pilləsi haqqında məlumat verib. Alimin sözlərinə görə, bu təhsil pilləsinin təşkilində əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, elm və təhsilin inteqrasiyasını daha da gücləndirməkdir.

Akademik A.Əlizadə bildirib ki, AMEA-da alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması əsas məsələlərdəndir. O, ötən il bir qrup alimə yüksək elmi nəticələrinə görə “AMEA-nın professoru” elmi adının verildiyini diqqətə çatdırıb.

A.Əlizadə bu gün ölkədə elmi fəaliyyətin kommersiyalaşdırılması, innovativ fəaliyyətin inkişafı və yeni texnologiyaların yaradılması istiqamətində AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) müstəsna xidmətləri olduğunu deyib, YT Parkda innovativ, rəqabətqabiliyyətli məhsulların istehsal edildiyini, innovativ layihələrin həyata keçirildiyini söyləyib.

Alim bu gün Azərbaycan elminin beynəlxalq miqyasda keçirilmiş tədbirlərdə layiqincə təmsil olunduğunu, ölkə alimlərinin dünya elminin tələblərinə cavab verən, multidissiplinar tədqiqatlar apardıqlarını deyib. Qeyd edib ki, alimlərimizin əsərləri dünyanın nüfuzlu nəşriyyatlarında və impakt faktorlu jurnallarında çap olunur, gənc tədqiqatçılar müxtəlif ölkələrin elmi qurumlarında təcrübə keçirlər. O, Monteneqro Elmlər və İncəsənət Akademiyası ilə də kadr və təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Professor Draqon Vukçeviç Azərbaycana ilk dəfə səfər etdiyini bildirərək bu görüşün hər iki qurumun gələcək inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib. O, Monteneqroda 4 universitetin fəaliyyət göstərdiyini, bu ali məktəblərdən birində Azərbaycan elmi, tarixi və mədəniyyətinə dair dərslərin təşkilinin məqsədəuyğun olduğunu deyib. Bu istiqamətdə Azərbaycandan olan nümayəndə heyətinə lazımi köməkliyi göstərməyə hazır olduğunu vurğulayıb.

Qonaq rəhbərlik etdiyi təşkilatın dünyanın müxtəlif dövlət qurumları və təhsil müəssisələri ilə müqavilələr əsasında fəaliyyət göstərdiyini, bir çox akademiyalarla memorandumların imzalandığını deyib.

Monteneqro Elmlər və İncəsənət Akademiyasının yaranma tarixi haqqında məlumat verən professor qurumun 1971-ci ildən fəaliyyət göstərdiyini, burada 4 elmi bölmə üzrə 45 həqiqi və müxbir üzvün çalışdığını deyib.

Azərbaycan ilə təmsil etdiyi ölkə arasında tarixi dostluq münasibətlərindən söz açan qonaq imzalanan sənədin təkcə iki ölkənin elmi qurumları arasında deyil, həm də dövlətlər arasında münasibətlərin təşkili və möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, Azərbaycan alimlərinin məqalələrinin MEİA-da nəşri, eləcə də Monteneqroda müasir Azərbaycanın elm və incəsənətinin inkişafına dair dərslərin təşkili ilə bağlı təklif irəli sürüb. D.Vukçeviç AMEA prezidentini nümayəndə heyəti ilə birgə Monteneqroya səfər etməyə, rəhbəri olduğu akademiya ilə yaxından tanış olmağa dəvət edib.

Görüşdə, həmçinin etnoqrafiya, antropologiya, sosioloji geologiya, fiziki və geoloji antropologiya, humanitar və digər prioritet sahələr üzrə müzakirələr aparılıb, müvafiq sahələrdə əməkdaşlığa dair ortaq qərarlar qəbul edilib.

Arxiv üzrə axtarış