Monteneqroda Novruz şənlikləri təşkil olunub
Monteneqronun paytaxt Podqoritsa şəhərinin “Müstəqillik meydanı”nda baharın gəlişini təcəssüm etdirən Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil olunub.
Tədbir Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Mərkəzin direktoru Seyran Mirzəzadə Novruz bayramının tarixi, adət-ənənələri və fəlsəfəsi barədə iştirakçılara məlumat verib. Bildirib ki, bu bayram 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 2010-cu ildən 21 mart tarixinin BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan olunduğu diqqətə çatdırılıb, Monteneqro dilində hazırlanmış məlumat kitabçaları paylanılıb.
Tədbirdə kulinariya mütəxəssisləri tərəfindən hazırlanmış milli mətbəximizin ləziz taamları və bayram şirniyyatları təqdim edilib, milli musiqimizdən nümunələr səsləndirilib.
Konsertdə Azərbaycanın milli musiqisi və rəqs nümunələri, xüsusilə Azərbaycanlı məktəbli Əsma Nəsrullayevanın ifasında “Sarı gəlin” rəqsi böyük maraq və alqışlarla qarşılanıb.
Həmçinin Podqoritsanın “Oktoih” məktəbi, Biyelo Polya bələdiyyəsinin “Mədəniyyət klubu” və peşə məktəbinin təmsilçiləri və şagirdləri tərəfindən ölkəmizə həsr olunmuş səhnələr böyük maraqla qarşılanıb.
Bayram tədbiri, eyni zamanda, xeyriyyəçilik məqsədi daşıyıb. Satışdan əldə olunan vəsait Monteneqronun “Humanist olaq Fondu” üçün nəzərdə tutulub.
Tədbir Monteneqro KİV-lərində geniş işıqlandırılıb.