2019-02-07

Monteneqroda Azərbaycan mədəniyyətinin təbliği genişləndirilir

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə bu ölkənin dövlət radiosunun “Mozaika” və “Mədəniyyətin gücü” verilişlərinin qonağı olub. O, Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, ədəbiyyatı, musiqisi, muğam, xalçaçılıq sənəti, memarlığına dair sualları cavablandırıb. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəaliyyəti, Cümhuriyyətin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, eləcə də Azərbaycan ilə Monteneqro arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı haqqında bəhs olunub. Verilişlərdə Müslüm Maqomayevin, Alim Qasımovun, Əlixan Səmədovun ifalarında musiqilər səsləndirilib.

Mərkəzin yeni layihəsi çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatı, yaradıcılığı haqqında Monteneqro dilində silsilə məqalələrin yayılmasına başlanılıb. “Azərbaycan zəngin mədəni irsi olan ölkədir” və “Bəxtiyar Vahabzadə - Azərbaycanın azadlıq şairi” adlı iki məqalə Monteneqronun avlija.me xəbər portalında dərc olunub. Növbəti məqalələr Podqoritsa şəhərində büstü ucaldılmış görkəmli şair, dramaturq Hüseyn Cavid və dahi mütəfəkkir Nizami Gəncəvi haqqındadır.

Arxiv üzrə axtarış