2019-05-03

Azərbaycanın və Monteneqronun Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Mayın 2-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ramil Usubov dövlətlərimizin başçılarının, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin, eləcə də vətəndaşlarımızın qarşılıqlı səfər və ziyarətlərinin Azərbaycan ilə Monteneqro arasındakı sıx əməkdaşlığın və qarşılıqlı etimadın daha da genişləndirilməsinə təkan verdiyini məmnunluqla qeyd edib.

Sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə həmkarına məlumat verib.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiç dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə inkişaf etməsindən, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, paytaxt Bakının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, burada həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu ifadə edib. Qonaq yaxın dost və tərəfdaş saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Arxiv üzrə axtarış