Monteneqro Prezidenti VII Qlobal Bakı Forumunda iştirak edəcək
Monteneqro Prezidenti Milo Cuqanoviçin Azərbaycana səfəri gözlənilir. Səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak etməkdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildiriblər ki, Milo Çuqanoviçin Forumda nitq söyləyəcəyi və səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün Balkan ölkələri, o cümlədən Monteneqro Respublikası ilə sıx əməkdaşlıq edir. Bu ölkənin əvvəlki prezidenti Filip Vuyanoviç Mərkəzin İdarə Heyətinin üzvüdür. O, IV və V Qlobal Bakı forumlarında iştirak edib.
Xatırladaq ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə Monteneqro Prezidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar.