2019-01-22

Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro Xarici İşlər Nazirliyinin baş katibi Veselin Şukoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb.

Tərəflər iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Qarşılıqlı sərmayə yatırımının təşviqinin və iki ölkə arasında ticarət dövriyyəsini artırmaq məqsədilə biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verib və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çatdırıb.

E.Məmmədyarov Monteneqronun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin hazırkı mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb.

V.Şukoviç ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyulduğunu ifadə edərək, Monteneqronun Azərbaycanda öz diplomatik missiyasını açmaq niyyətini əks etdirən notanı Azərbaycan tərəfinə təqdim etdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış