VI Bakı Beynəlxalq Humanitar Forumu Monteneqro KİV-lərində
Oktyabrın 25-26-da “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumatlar Monteneqronun ictimai radio və televiziya xidmətində və geniş oxucu kütləsinə malik olan – cdm.me, mondo.me, mina.news internet səhifələrində işıqlandırılıb.
Yazılarda 2010-cu ildən Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil olunan Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbir olduğu qeyd edilir.
Məqalələrdə bu tədbirə qatılan nümayəndələrlə yanaşı, Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç və təhsil naziri Damir Şehoviçin Azərbaycana səfərləri barədə də məlumat verilir.
Eyni zamanda, həmin məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə yer verilib, tədbirdə müzakirə olunan mühüm mövzulara toxunulub, tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi üçün zəmin yaradacağı diqqətə çatdırılıb.
Forumun "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi" mövzusunda işçi sessiyasında çıxış edən Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç bütün mütərəqqi bəşəriyyətin multikulturalizm ideyaları və idealları ətrafında birləşmələrinin vacib olduğunu qeyd edib. Monteneqronun müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanındığı və multikulturalizmin ölkəsində həyat tərzinə çevrildiyini söyləyib.
Məqalələrdə, həmçinin Forum zamanı Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç və təhsil naziri Damir Şehoviçin Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və təhsil naziri Ceyhun Bayramov ilə görüşlər keçirdikləri vurğulanıb.