2018-09-24

Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş tədbir Monteneqro KİV-lərində geniş işıqlandırılıb

Sentyabrın 21-də Bakıda keçirilmiş Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli tədbir haqqında məlumatlar Monteneqronun ictimai radio və televiziya xidmətinin və geniş oxucu kütləsinə malik olan cdm.me internet səhifələrində işıqlandırılıb.

Məqalələrdə tədbirdə iştirak edən nümayəndələr ilə yanaşı, Monteneqro Parlamentinin sədr müavini, Azərbaycan üzrə dostluq qrupunun sədri Genci Nimanbequnun ölkəmizə səfəri barədə də məlumat verilir.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə yer verilib, parlamentin ölkəmizin müstəqilliyinin möhkəmlənməsindəki, sürətli inkişafının təmin edilməsindəki rolundan, Azərbaycanın sülh, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərini bölüşən bütün dövlətlərlə əməkdaşlığa hazır olmasından söhbət açılıb.

Bildirilib ki, tədbirdə çıxış edən Monteneqro Parlamentinin sədr müavini Genci Nimanbequ Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xoş sözlərini çatdırıb. O, Azərbaycanın demokratik dövlət olduğunu, ölkəmizdə iqtisadi tərəqqinin və insan kapitalının inkişafına xüsusi önəm verildiyini deyib, həmçinin respublikamızın beynəlxalq aləmdə artan nüfuz və rolundan danışıb. Azərbaycan ilə Monteneqro arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan G.Nimanbequ parlamentlərarası əməkdaşlığın ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd edib.

Məqalələrdə, həmçinin G.Nimanbequnun ölkəmizə səfəri çərçivəsində Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Monteneqro parlamentlərarası işçi qrupunun rəhbəri İqbal Məmmədov ilə görüş keçirdiyi və iki ölkə arasında parlamentlərarası əlaqələrin perspektivlərinin müzakirə edildiyi bildirilir.

Arxiv üzrə axtarış