Azərbaycan ilə Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci mərhələsi baş tutub. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Monteneqro tərəfindən isə Xarici İşlər Nazirliyinin dövlət katibi Zoran Yankoviç rəhbərlik ediblər.
X.Xələfov məsləhətləşmələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, gələcəkdə mütəmadi xarakter alacağına və ikitərəfli əlaqələrə təkan verəcəyinə dair ümid ifadə edib. Dövlət başçıları arasındakı dialoqun yüksək səviyyədə olduğunu vurğulayan X.Xələfov ikitərəfli münasibətlərin təşviqi üçün XİN-lər tərəfindən də müvafiq töhfənin veriləcəyinə inamını bildirib.
Z.Yankoviç iki ölkə arasında mövcud siyasi münasibətlər və qarşılıqlı anlaşma barədə həmkarının fikirlərini bölüşdüyünü, müxtəlif formatlarda, o cümlədən parlamentlərarası əlaqələr, müvafiq nazirliklər və qurumlar arasında dialoqun intensiv və səmimi xarakter daşıdığını diqqətə çatdırıb. İqtisadi əlaqələrə toxunan qonaq Azərbaycanın 2017-ci ilin nəticələrinə görə Monteneqroya sərmayə qoyuluşunun həcmi baxımından üçüncü ölkə olduğunu vurğulayıb. O, Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyib və bu məqsədlə Monteneqro hökumətinin Bakıda diplomatik nümayəndəliyin açılması barədə siyasi qərar qəbul etdiyinə dair məlumat verib. Həmçinin qonaq Monteneqro Baş nazirinin ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı müvafiq işlərin aparılmasından bəhs edərək, adıçəkilən səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
X.Xələfov iki ölkənin beynəlxalq arenada tutduğu mövqelərin yaxınlığını məmnuniyyətlə qeyd edib. Ölkəmizin Cənubi Qafqazda lider dövlət olmasından və əksər irimiqyaslı layihələrin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilməsindən geniş bəhs edib. Azərbaycanın sərfəli tranzit imkanları təklif etdiyini bildirib. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının bölgədə aparılan əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. Qonşu dövlətlərdən yalnız Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətini davam etdirdiyinə görə sadalanan layihələrdən təcrid olunduğunu vurğulayıb.
X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, Ermənistanın yeni rəhbərliyinin də sələfləri kimi beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq, işğalçılıq siyasətindən çəkinmədiyini, əksinə daha aqressiv ritorika ilə çıxış etdiyini xüsusi qeyd edib. Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılmasının vacibliyini vurğulayıb. Mövcud münaqişənin ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında nizama salınmasının zəruriliyinə diqqət çəkib.
Nazir müavini Azərbaycan ilə Monteneqro arasında ticarət dövriyyəsinin ikitərəfli münasibətlərin potensialına cavab vermədiyini, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə hökumətlərarası komissiyanın fəaliyyətinin, biznes-forumların və digər tədbirlərin təşkilinin, qarşılıqlı sərmayələrin yatırılmasının vacibliyini qeyd edib.
Monteneqro XİN-in dövlət katibi ölkəsinin hər zaman Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsinin və şaxələndirilməsinin tərəfdarı olduğunu bildirib. O, Avropa İttifaqının yekdil mövqeyini dəstəkləyərək, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizama salınması üzrə mövqeyinin dəyişilməz olduğunu vurğulayıb.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsinə, ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.