2018-03-30

31 mart Azərbaycanlıların soyqırım günü münasibətilə anım mərasimi keçirilmişdir

Cari ilin 30 mart tarixində 31 mart - Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar AR Prezidenti cənab İlham Əliyevin Sərəncamına müvafiq olaraq Monteneqrodakı Diplomatik Nümayəndəlimizdə anım mərasimi keçirilmişdir.

Tədbirdə Diplomatik Nümayəndəliyin əməkdaşları, Azərbaycan – Monteneqro mədəni və iqtisadi əlaqələr Mərkəzinin rəhbərliyi və üzvləri, Monteneqroda yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Podqoritsa şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.

Nümayəndəliyin müşaviri Anar Əcəmov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın olduğunu bildirmişdir. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə on minlərlə dinc sakinin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyi, yaşayış məntəqələrinin dağıdıldığı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqların yerlə-yeksan edildiyi diqqətə çatdırılmışdır. Müşavir, sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçilərinin qeyri-insani əməllərini davam etdirdiyini Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdiyini vurğulamışdır.

O, həmçinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni cinayətkarları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması barədə geniş məlumat vermişdir.

A.Əcəmov 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etmişdir.

Sonda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Diplomatik Nümayəndəliyimiz tərəfindən hazırlanmış press-reliz Monteneqronun dövlət və hökumət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Monteneqroda fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.

Arxiv üzrə axtarış