Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
Martın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Monteneqro parlamentinin sədri İvan Brayoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edən Azərbaycan Respublikasının, həmçinin Monteneqro ilə qarşılıqlı faydalı əməkdaşlığa töhfələr verdiyi məmnunluqla qeyd edilib. Belə ki, bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyən ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində də uğurla əməkdaşlıq edir, nəqliyyat, sənaye, investisiya, turizm, ticarət və digər qeyri-neft sahələrində müştərək layihələrin reallaşdırılmasına maraq göstərirlər. Belə yüksək səviyyəli səfərlərin, iş adamları arasında təcrübə mübadiləsinin, birbaşa əlaqələr qurulmasının münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Söhbət zamanı təcavüzkar separatizmin sülhə və əmin-amanlığa böyük təhlükə olduğunu qeyd edən tərəflər, Ermənistanın qeyri-konstruktiv siyasəti səbəbindən hələ də həlli uzanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bildiriblər.
Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb