2018-03-21

Monteneqroda Novruz bayramı qeyd olunub

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin birgə təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Podqoritsa şəhərinin ən böyük “Delta” ticarət mərkəzində baharın başlanğıcını, barış və dostluğu təcəssüm etdirən Novruz Bayramı münasibətilə təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycandan Monteneqroya ezam olunmuş kulinariya üzrə mütəxəssislər tərəfindən hazırlanmış milli mətbəximizin ləziz təamları və bayram şirniyyatları (paxlava, şəkərbura, şorqoğal, badambura) təqdim edilib, milli musiqimizdən xüsusilə də 2018-ci ildə anadan olmasının 100-cü ildönümü qeyd olunan görkəmli bəstəkarımız Qara Qarayevin ölməz əsərlərindən nümunələr səsləndirilmişdir.

Həmçinin, ticarət mərkəzinin LED ekranlarında  Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olmasına dair çəkilmiş video çarx nümayiş etdirimiş və mərkəzin ziyarətçilərinə Bakının namizədliyinin üstünlükləri barədə geniş məlumat verilmişdir.

Monteneqroda səfərdə olan Türkiyə Respublikasının Mədəniyyət və Turizm nazirliyinin musiqiçi və rəqqaslar qrupu tərəfindən canlı ifa olunan, “Ay qız”, “Unuda bilmirəm”, “Uzundərə”, “Sarı gəlin” və digər əsərləri ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Novruz bayramının tarixi, özəllikləri və fəlsəfəsi barədə Monteneqro dilində hazırlanmış məlumat kitabçıları mərkəzin ziyarətçilərinə paylanılmışdır.

Bayram tədbiri eyni zamanda xeyriyyəçilik məqsədi daşımışdır. Belə ki, tədbirin təşkilatçıları “Monteneqronun uşaq hüquqlarının müdafiəsi Mərkəzi”nə də bayram sovqatları təqdim etmiş, eyni zamanda toplanmış vəsait “Monteneqronun autizmdən əziyyət çəkən uşaqlar Mərkəz”inə zəruri avadanlığın alınmasına ayrılmışdır.

Həmin gün, Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzi və Yunus Emre Podqoritsa İnstitutunun təşkilatçılığı ilə “Budo Tomoviç” adına Mədəniyyət Mərkəzinin böyük zalında Novruz Bayramına həsr olunmuş "Türk ölkələrinin milli musiqisi və rəqsləri" adlı konsert tədbiri keçirilmişdir.

Konsertdə Azərbaycanın milli musiqi və rəqs nümunələri böyük maraq və alqışlarla qarşılanmışdır

Novruz bayramı münasibətilə təşkil olunan hər iki tədbir Monteneqro KİV-ində geniş işıqlandırılmışdır.

 

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış