Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Monteneqro Prezidenti Filip Vuyanoviçlə bu yaxınlarda Nyu-Yorkda görüşdüklərini məmnunluqla xatırlamış, eyni zamanda, özünün Monteneqroya səfərinin uğurlu keçdiyini vurğulamışdır. Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etmiş, iqtisadi əlaqələrimizin, o cümlədən investisiya qoyuluşu sahəsində əməkdaşlığımızın uğurla inkişaf etdiyini demişdir. Dövlətimizin başçısı digər sahələrdə də əlaqələrimizin genişləndirilməsinin vacibliyini bildirmiş, Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın səfərinin Azərbaycan və Monteneqronun hüquq mühafizə orqanları arasında əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsa, ölkəmizdə gördükləri böyük inkişaf prosesləri nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını bildirmişdir. Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların ölkəsində böyük maraqla izlənildiyini deyən qonaq vurğulamışdır ki, bütün bu uğurlara zəngin təcrübəyə malik olan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində nail olunub. İki ölkənin ali məhkəmə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Vesna Medenitsa ölkəmizə bu səfəri zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı faydalı müzakirələrin aparıldığını demişdir.