2017-05-28

Monteneqro portalında 28 May–Respublika Günü ilə bağlı məqalə dərc edilmişdir.

Monteneqronun böyük oxucu kütləsinə malik “CDM” internet portalında “99 il əvvəl Azərbaycan İslam dünyasının ilk demokratik dövləti olmuşdur” başlıqlı məqalə dərc edilmişdir.

Məqalədə qeyd olunmuşdur ki, Azərbaycan xalqının çoxəsrlik məşəqqətli tarixində şərəflə andığı mübarizə günlərinin çox olmasına baxmayaraq, 28 may 1918-ci il xüsusi yer tutur. Belə ki, bu gündə Azərbaycan müsəlman Şərq dünyasında ilk demokratik parlamentli respublika olub. Qısa müddət yaşamasına rəğmən, İstiqlaliyyət Bəyannaməsində əksini tapmış mütərəqqi ideyaların bir sıra ölkələr üçün örnək olduğu bildirilmişdir. İstiqlaliyyət Bəyannaməsinə istinad olunan yazıda deyilir: “Bu gündən etibarən Azərbaycan Cənubi və Şərqi Zaqafqaziyadan ibarət suveren, müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarəçilik forması demokratik respublikadır. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xüsusilə də qonşu millət və dövlətlərlə dostluq münasibətləri qurmaq qərarındadır. Azərbaycan Xalq Cümhuriyyəti milli, dini, sinfi, peşə və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına tam siyasi və vətəndaşlıq hüquqlarını təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün şərait yaradır. Milli Məclis toplanana qədər ali hakimiyyət ümumseçilmiş Milli Şuraya və Şura qarşısında məsul olan müvəqqəti hökumətə həvalə olunur”.

Məqalədə 1920-ci ilin aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal olunduğu və ancaq 71 ildən sonra müstəqilliyini bərpa etdiyi, XX əsrin əvvəllərində azərbaycanlıların öz ölkələrində ermənilər tərəfindən böyük soyqırımına məruz qaldığı qeyd olunmuşdur. Azərbaycan xalqına qarşı soyqırımı aktının dünyada az bənzəri olduğu vurğulanmışdır. 1998-ci ilin martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilidiyi bildirilmişdir.

Arxiv üzrə axtarış