2017-05-08

Monteneqro portalında Şuşanın işğalı ilə bağlı yayılan məqalədə yer almışdır

Monteneqronun geniş oxucu auditoriyasına malik cdm.me portalında “Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etdiyi gün” adlı məqalə yayılmışdır.

Məqalədə bu il mayın 8-də Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ilinin tamam olduğu qeyd edilmiş, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın digər yaşayış məskənlərinin işğalı zamanı törətdikləri vəhşilikləri Şuşa şəhərinin işğalı zamanı da təkrarladığı bildirilmişdir. Vurğulanmışdır ki, Şuşadan azərbaycanlıların izini silmək üçün Ermənistan silahlı qüvvələri şəhərdə mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırıb, girov götürmüş, işgəncələrə məruz qoyub, etnik təmizləmə həyata keçirmiş, tarixi və mədəni abidələri dağıdmışdır. Bu kimi cinayətlər Ermənistanın dövlət ideologiyası sayılan njdeizmin məntiqi nəticəsidir. Njdeizm nasizmdən ruhlanaraq yaranıb, erməni irqinə “sədaqət”i ehtiva edən və azərbaycanlılara qarşı açıq nifrət bəsləyən tseqakronutyun ideologiyasının davamıdır.

Məqalədə Şuşanı işğal etməklə, etnik təmizləməyə məruz qoymaqla və azərbaycanlıların bu ərazidə mədəni irsini dağıtmaqla Ermənistanın, həmçinin qəsdən Azərbaycanın Dağlıq Qarabağ regionunun ikiicmalı xüsusiyyətini məhv etmək niyyətini güddüyü bildirilmişdir. Bu mənada Şuşa şəhərinin tarixən azərbaycanlıların yaşayış məskəni və Azərbaycanın mədəni, elmi mərkəzlərindən biri olduğu qeyd edilmiş, mayın 9-u dünyada faşizm üzərində Qələbə kimi qeyd olunduğu bir halda, Şuşanın işğalı ilə bağlı Ermənistanın “şənliklər” təşkil etməsi nasizm ideologiyasının davamı olan njdeizmin və Ermənistanın sülh barədə düşünməməsinin göstəricisi olması vurğulanmışdır.

Məqalədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Şuşaya hücumu və bu şəhərin işğalını Tehranda Azərbaycanın və Ermənistanın ovaxtkı rəhbərlərinin münaqişənin BMT-nin Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirdiyi qeyd olunmuş, işğaldan 25 il keçməsinə baxmayaraq, rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan bu kimi uyğunsuzluğun münaqişənin dinc yolla nizamlanmasına dair Ermənistanın dövlət siyasətinin davam edən reallığı olduğu bildirilmişdir.

Yazıda 2016-cı il aprel ayının əvvəlində Ermənistanın qoşunların təmas xətti boyunca təxribatlarla münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqları pozmaqda yenə də davam etdiyi, bu xüsusda, Ermənistan-Azərbaycan münaqişəsi zonasında bundan sonrakı gərginliyə görə məsuliyyətin bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilmişdir. Şuşanı və Azərbaycanın digər tarixi ərazilərini işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə Ermənistanın heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcəyi bildirilmişdir. Ermənistanın bu reallığı nə qədər tez dərk edib beynəlxalq hüquqa uyğun davranarsa, bir o qədər tez münaqişənin öz həllini tapacağı, regionda ölkələr və xalqlar arasında əməkdaşlıqdan, iqtisadi inkişaf perspektivlərindən faydalanacağı qeyd olunmuşdur.

Məqalənin sonunda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan torpaqlarının işğalına son qoymağı, Ermənistanı öz qoşunlarını işğal etdiyi bütün torpaqlardan çıxarmağı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri, beynəlxalq hüququn norma və prinsipləri əsasında münaqişənin sülh yolu ilə həllində konstruktiv iştirakını tələb etməyə çağırdığı bildirilmişdir.

Arxiv üzrə axtarış