2017-04-27

Azərbaycan ilə Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanmışdır

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Monteneqronun Podqoritsa şəhərində səfər etmişdir.

Səfər zamanı nümayəndə heyəti Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Kemal Purisiclə görüşüb. Görüşdə Azərbaycanla Monteneqro arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə inkişafına verdiyi töhfələr qeyd edilib. Birgə iqtisadi layihələrin reallaşdırılması perspektivləri, energetika, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığa dair dövlət başçılarının müəyyən etdikləri strategiyanın səmərəli nəticələrindən söhbət açılmışdır.

F.Nəbiyev hələ 2013-cü ildə Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını xatırladıb. O, ötən dövr ərzində Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq, həmçinin sərmayələrin təşviqi və qarşılıqlı qorunması, o cümlədən turizm sahəsində əməkdaşlıq haqqında, eləcə də humanitar sahədə imzalanmış bir sıra sazişlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsinə geniş imkanlar açdığını demişdir.

Daha sonra DMX rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun daxili işlər naziri Mevludin Nuhodziclə görüşmüşdür.

Azərbaycan və Monteneqro arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivlərindən söhbət açılan görüşdə F.Nəbiyev bu istiqamətdə iki ölkə arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişafı ilə bağlı konkret faktlara diqqət çəkmişdir.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in imzalanma mərasimi keçirilib. Sazişi Azərbaycan Prezidentinin 2016-cı il 14 dekabr tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti verilmiş Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Monteneqro tərəfindən daxili işlər naziri Mevludin Nuhodzic imzalanmışdır.

Arxiv üzrə axtarış