Podqoritsada təntənəli Novruz tədbiri keçirilmişdir.
AR-in Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin birgə təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Podqoritsa şəhərində təntənəli Novruz tədbiri keçirilmişdir.
Tədbirdə Monteneqronun hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, dövlət və ictimai xadimləri, Podqoritsada fəaliyyət göstərən diplomatik korpusun və dini icmaların, siyasi partiyaların təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız iştirak etmişdir.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov çıxış edərək Novruzun mədəni irsin və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi xalqlar arasında əlaqələrin qarşılıqlı hörmət əsasında möhkəmləndirilməsində və inkişafında mühüm rolunu vurğulamışdır. O, 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən Novruz bayramının beynəlxalq əhəmiyyət qazandığını bildirmiş, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin "Beynəlxalq Novruz Günü" kimi elan olunduğunu diqqətə çatdırmışdır. Müşavir Novruz bayramının qədim ənənələrinin qorunub saxlanılmasını, Azərbaycan xalqının öz tarixi – mədəni keçmişinə yüksək ehtiramını və milli – mənəvi dəyərlərə dərin bağlılığını xüsusi qeyd etmişdir.
A.Əcəmov deyib ki, müxtəlif dinlərin və millətlərin nümayəndələri tarix boyu Azərbaycanda sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışdır. Zəngin multikulturalizm ənənələrinə malik Azərbaycan ümumbəşəri problemlərin həllinə həsr olunmuş müxtəlif qlobal forum, konfrans və tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Tədbir çərçivəsində Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə tərəfindən iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfələrinə görə “Azmont Investments” şirkətinə, Azərbaycanın mətbəx mədəniyyətini Monteneqroda yüksək səviyyədə təmsil etdikləri üçün azərbaycanlı kulinarlara təşəkkürnamələr təqdim olunmuşdur.
Sonra qonaqlara Azərbaycandan Monteneqroya ezam olunmuş kulinariya üzrə mütəxəssislər tərəfindən hazırlanmış milli mətbəximizin ləziz təamları və süfrəni bəzəyən bayram şirniyyatları təqdim edilmiş, milli musiqimizdən nümunələr səsləndirilmişdir.