2017-03-30

Azərbaycan - Monteneqro İqtisadi - Mədəni Mərkəzi, Türkiyənin Yunus Əmrə İnstitutu və Çinin Konfutsi İnstitutu ilə birlikdə təşkil olunan “İpək Yolu” Festivalının cari ilin 24 mart tarixində Podqoritsa şəhərində açılış mərasimi keçirilmişdir.

24-30 mart tarixlərində keçiriləcək müştərək festival çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Darvin Vəlibəyovun “Təəssüratlar” sərgisi nümayiş etdirilir. 

Tədbirdə Monteneqronun Mədəniyyət naziri, digər dövlət və ictimai xadimləri, diplomatik korpusun təmsilçiləri, ziyalılar, mətbuat nümayəndələri iştirak etmişlər.

Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə tədbirdə çıxış edərək, Qədim İpək Yolunun bir sıra ölkələrin o cümlədən Azərbaycanın tarixində rolundan, İpək Yolunun bərpasında dövlətimizin töhfələrindən, Azərbaycan və Monteneqronun multikulturalizm ənənələrindən danışaraq, ilk dəfə Azərbaycan, Türkiyə və Çin mədəniyyət mərkəzlərinin və institutlarının müştərək tədbir keçirməsinin əhəmiyyətini qeyd etmiş və bu ənənənin davam etdirilərək genişləndiriləcəyinə ümidvar olduğunu bildirmişdir. Tanınmış rəssam Darvin Vəlibəyovun yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Açılış mərasimində Türkiyənin Yunus Əmrə və Çinin Konfutsi institutlarının direktorları çıxış etmiş, ebru sənəti və çin rəqsləri nümayiş etdirilmişdir.

Tanınmış rəssam Darvin Vəlibəyovun sərgisi, xüsusilə Azərbaycan və Monteneqro mənzərələri, həmçinin Xəzər və Adriatik motivləri əsasında çəkdiyi əsərlər böyük maraqla qarşılanmış və Azərbaycan mədəniyyətinin təbliğində töhfələrinə görə Darvin Vəlibəyova Azərbaycan - Monteneqro İqtisadi - Mədəni Mərkəzi adından təşəkkürnamə təqdim olunmuşdur.

Tədbir yerli mətbuatın böyük marağına səbəb olmuşdur.

Arxiv üzrə axtarış