Monteneqro mətbuatında Xocalı faciəsi haqqında məqalə dərc olundu
25 fevral 2017-ci il tarixində Monteneqronun ən çox oxucu kütləsinə sahib internet xəbər portalında – cdm.me yerli icmalçı Branka Peyoviçin “Nə üçün 26 fevral tarixi Azərbaycanda böyük önəm daşıyır - Xocalı şəhərində soyqırım törədildiyi gün” başlıqlı məqaləsi yayımlanmışdır (https://cdm.me/svijet/bliski-istok/dan-kada-je-ucinjen-genocid-u-gradu-hodzali/).
Məqalədə Azərbaycan xalqının uzaq keçmişdə olduğu kimi yaxın keçmişdə də müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması uğrunda mübarizədə böyük əzablar yaşadığı qeyd edilmişdir. Həmçinin, B.Peyoviç məqaləsində “Bu soyqırım 25 və 26 fevral 1992-ci il tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilmişdir. Azərbaycan xalqı 26 fevral tarixini Xocalı soyqırımı və milli matəm günü olaraq qeyd edir, belə ki sözügedən tarixdə Azərbaycan xalqına qarşı törədilmiş ən şiddətli cinayətlərdən biri baş vermişdir” həqiqətlərini oxucu kütləsinə çatdırmışdır. İcmalçı məqaləsində erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının yalnız həmin şəhərin əhalisinə deyil, eləcə də insanlığa, bütün sivlizasiyalara və beynəlxalq sülhə qarşı yönəldiyini qeyd etmişdir.
B.Peyoviç məqaləsində Azərbaycanın Cənubi Qafqazın ən zəngin ölkəsi olması faktının onu hər zaman müstəqillik uğrunda çətin mübarizələrlə qarşılaşdırdığını vurğulamışdır. Eyni zamanda, məqalədə islam dünyasında ilk dəfə dünyəvi və demokratik dövlətin 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qurulması və iki il sonra xalqın müstəqillik əzminin yenidən boğulduğu qeyd edilmişdir.
Sonda, B.Peyoviç 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərində günahsız insanlara qarşı törədilən kütləvi qırğınlara görə Azərbaycanın 26 fevral tarixini önəmli gün olaraq qeyd etdiyini nəzərə çatdırmışdır.
Həmçinin, AR-in Monteneqrodakı Diplomatik Nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni əlaqələr mərkəzinin təşkilatçılığı ilə 15.02.2016-cı il tarixindən etibarən Monteneqronun Podqoritsa, Budva və Herseq Novi şəhərlərində Xocalı Soyqırımını əks etdirən bilbordlar (3x4 metr həcmində) və panellər (1.17 x 1.75 metr həcmində) yerləşdirilmişdir (şəkilləri əlavə olunur). Eyni zamanda Monteneqronun müxtəlif şəhərlərinin mərkəzi yerlərində əhaliyə Xocalı soyqırımı haqqında, Monteneqro dilində xüsusi hazırlanmış flayerlər (məlumat vərəqələri) paylanılmışdır. Sözügedən bilbord və panellər 01 mart 2017-ci il tarixinə qədər saxlanılmışdır.