2017-01-20

20 Yanvar şəhidlərinin xatirəsi Monteneqroda da yad edilib

Yanvarın 20-də Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin üzvləri, Monteneqrodakı diplomatik korpusun nümayəndələri, bu ölkənin dövlət qurumlarının əməkdaşları, Türkiyənin Monteneqrodakı səfiri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Monteneqro üzrə əlaqələndiricisi, Yunus Əmrə İnstitutunun rəhbəri, Monteneqro dövlət radio və televiziyasının nümayəndələri, Monteneqroda təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən nümayəndəliyin müşaviri Anar Əcəmov 20 Yanvar faciəsinin başvermə səbəbləridən, Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən, nümayiş etdirdiyi qəhrəmanlıqdan bəhs edib. A.Əcəmov Vilnyus, Tbilisi və Bakıda törədilmiş hadisələrin oxşarlığından danışıb, bunun Sovet İttifaqının dağılmasının ilkin təzahürləri olduğunu deyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransının tarixi əhəmiyyətinin olduğunu vurğulayıb.

Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə bu faciənin ölkəmizin ərazi bütövlüyünə təcavüzün əleyhinə çıxan, azadlıq, müstəqillik uğrunda mücadilə aparan xalqın inamını sarsıtmaq, iradəsini qırıb milli mənliyini məhv etmək məqsədilə törədilmiş qanlı terror aktı olduğunu vurğulayıb. 20 yanvar tarixinin matəm günü olması ilə yanaşı, milli tariximizin şərəfli səhifəsi olduğunu bildirib.

Tədbirdə, həmçinin Türkiyənin Monteneqrodakı səfiri Serhat Qalip çıxış edərək Azərbaycan xalqının bu acı gününü birlikdə yaşadıqlarını, qardaş ölkənin müstəqillik uğrunda mübarizəsinin dünyanın digər xalqları üçün fədakarlıq nümunəsi olduğunu bildirib.

Faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə Qanlı Yanvar hadisəsinə dair film nümayiş etdirilib.

Sonda iştirakçılara 20 Yanvar hadisəsinə dair diplomatik nümayəndəliyin press-relizi paylanıb.

20 Yanvar hadisələri Monteneqronun ən çox oxunulan CDM və Radio Yadran xəbərlər portallarında geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış