2017-01-19

20 yanvar 1990-cı il: milli tariximizin şərəfli səhifəsi

1990-cı ildə on bir yaşındaydım. Ölkəmizin paytaxtı Bakıdan təxminən400 kmaralıda, sərhəd bölgəsində yerləşən Lerik rayonunun Cəngəmiran kəndində, sadə müəllim ailəsində qayğısız bir uşaq həyatı yaşayır, necə deyərlər, arzusunda olduğumuz böyük dünyaya kiçik bir kəndin pəncərəsindən baxırdıq. Əslində, bizim dünyamız elə o kənddən ibarət idi, düşünürdük ki, vətən də, dünya da bu kəndin içindədir.

Amma birdən nəsə baş verdi. 1990-cı ilin 19 yanvarından 20-sinə keçən gecə. Yanvarın 19-da gözlərimi on bir yaşlı uşaq kimi yumub, yanvarın 20-də qayğısız günlərini sanki bir anda arxada qoyub qəfildən böyümüş, üstəlik haqq-ədalət yolunda canından keçməyə hazır olan bir insan kimi açdım. Nə baş verirdi? İşıqlar yanmır, televizor işləmir (sonradan bildim ki, Azərbaycan televiziyasının enerji bloku partladılıbmış), atam batereya ilə işləyən radiodan nəsə eşitməyə çalışırdı. Əvvəllər evin bir güncündə gərəksiz qalıb toz basmış radioya az qala,  yalvarmaq istəyirdim ki, atamın istədiyi xəbərləri səsləndirsin. Onun radiodan nə eşitmək istədiyini bilməsəm də, bərk narahatlıq keçirdiyini görür, istədiyi xəbəri eşitsə rahatlanıb sevinəcəyini düşünürdüm. Bunu bizə hiss etdirməməyə nə qədər çalışsa da, səbəbi bəlli olmayan hiddət və qəzəbini gözlərindən oxumamaq mümkün deyildi. Nəsə baş vermişdi, atam da nəsə eşitmişdi, nəsə bilirdi.

Kənd camaatının toplandığı bir yer vardı, ora çıxanda gördüm ki, tonqal qalanıb, adamlar öz kommunist partiyası biletlərini, əllərinə keçən sovetlərə aid atributları hirslə odun içinə tullayıb yandırırlar. Biz də həvəslənib böyüklərə qoşulur, tapıb gətirdiklərimizi tonqala atmaqla həm ümumi ab-havaya qatılır, həm də isinirdik. Cavanların bir çoxu isə ata-analarından gizlin Bakıya getmək üçün yollar axtarırdı. Onların birdən-birə paytaxta bu qədər can atmasının səbəbini başa düşmürdüm. Yaşıdlarımla birgə çalışırdıq böyüklərin ağzından söz oğurlayaq, çünki biz uşaqlara nə baş verdiyini deyən yox idi.

Amma axırda hamısını öyrəndik: həmin gecə ölkəmizin ərazi bütövlüyünə təcavüzün əleyhinə çıxan, azadlıq, müstəqillik uğrunda mücadilə aparan xalqın inamını sarsıtmaq, iradəsini qırıb milli mənliyini məhv etmək məqsədilə totalitar sovet rejiminin qanlı terror aktı baş vermişdi. Həmin vaxtlar dünyanın fövqəl güclərindən biri sayılan Sovet İttifaqı öz labüd tənəzzül dövrünü yaşayırdı. Bu gözlənilən idi, çünki dünyaya qənim kəsilən, maraqlarını digər ölkə və xalqlara diqtə etməyə çalışan bütün imperiyaların gec-tez sonu çatdığı kimi, qan və zorakılıq üzərində qurulmuş mövcud şər imperiyası da nə vaxtsa ömrünü qanla, zorakılıqla başa vurmalıydı.

Bu faciə çökməkdə olan şər imperiyasının dinc xalqımıza qarşı törətdiyi amansız cinayət fakti idi. Sovet ordusu silahsız və günahsız insanlara öz gücünü, əslində isə əsl simasını, xislətini göstərdi.

Həmin vaxt Azərbaycan informasiya blokadasında olduğuna görə, nə qədər çalışsa da, haqq səsini dünyaya, beynəlxalq ictimaiyyətə çatdıra bilmirdi. Belə bir çətin zamanda xalqımızın ümummilli lideri Heydər Əliyev həyatını ciddi təhlükə altına ataraq heç bir təzyiq və təhdidlərə məhəl qoymadan 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gəlib faciəyə kəskin etirazını bildirmişdi. SSRİ-nin paytaxtında bu cür bəyanatla çıxış etmək böyük cəsarət və fədakarlıq tələb edirdi.

Bakıda törədilmiş bu qanlı cinayət sovet ordusunun 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqada, 1989-ci ildə Tbilisidə və daha sonra Vilnüsdə törətdiyi cinayətlərin davamı və mahiyyətcə eynisi idi. Həmin gecə xalqımız şəhidlər verdi, lakin sınmadı. Həmin gecə imperiya öz vətəndaşları sayılan dinc insanlara qarşı terror törətdi,  lakin xalqın iradəsini qıra bilmədi. Əksinə, getdikcə daha geniş vüsət alan milli-azadlıq hərəkatı mövcud imperiyanın süqutunu tezləşdirdi və bu şərəfli mübarizə 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə nəticələndi. Müstəqilliyin bərpasında 20 yanvar şəhidlərinin rolu danılmazdır.

Amma elə həmin il, yəni 1990-cı ilin 15 oktyabr tarixində “Norveç Nobel Komitəsi 1990-cı ildə sülh üzrə Nobel mükafatının Sovet İttifaqının prezidenti Mixail Serqeyeviç Qorbaçova verilməsinə dair qərar qəbul edir...”

Cinayət, cəzasızlıq və təltif?!

Bunu necə başa düşməli: haqsızlığın, ədalətsizliyin təntənəsi, yoxsa ikili standartlarla idarə olunan müasir dünyamızın acı reallığı kimi?

Şəxsən mən bunu taleyin ironiyası kimi qəbul edirəm. Ən azından ona görə ki, SSRİ-nin ilk və son prezidenti olmuş Mixail Qorbaçov tarixində İstanbulda elə şəxsən özü etiraf edəcəkdi: «Bakıda fövqəladə vəziyyətin elan edilməsi və şəhərə qoşun yeridilməsi siyasi fəaliyyətimdə yol verdiyim ən böyük səhvim olub».

Beynəlxalq hüququn oyuncağa çevrildiyi bir dövrdə məhz bu “prinsiplərlə” yaşamağa məcburuq. Vaxtaşırı rastlaşdığımız bu cür nümunələrlə heç kəsi təəccübləndirə bilmərəm. Görünür məşhur “Şah qanun deyil, qanun şahdır” deyimi beynəlxalq hüquq normalarının tənəzzül etdiyi və ikili standartlarla idarə olunan müasir dünyamızda başqa cür səslənir, yaxud yeni məna kəsb edir: “Qanunlar fövqəl dövlətlər üçün deyil, fövqəl dövlətlərin özləri qanundur!”

Məni uzun müddət başqa bir məsələ də düşündürüb: silahsız insanların əl-ələ verib azadlıq və müstəqillik uğrunda tankların üzərinə getməsini necə izah etmək olar?! Bundan ötrü insan hansı iradəyə sahib olmalıdır?!

Məni narahat edən bu düşündürücü sualların cavabını sonradan tapa bildim – xalqımızın tarixində, daha doğrusu, tarixi taleyində. Belə ki, Azərbaycan zaman-zaman böyük imperiyaların təcavüz və işğalına, eyni zamanda fiziki və mənəvi soyqırımlara məruz qalıb. Totalitar sovet rejimi illərində xalqımızın sayı on minlərlə hesablanan ziyalısı, hərbçisı, alimi, yazıçısı, müəllimi, mədəniyyət və din xadimi doğma vətənindən qovulub, Sibirə, Qazaxıstana, digər yerlərə sürgün edilib. Əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycanın adı keçmiş sovet respublikaları içərisində, təəssüf ki, ilk sıradadır. Müxtəlif məlumatlara əsasən, ümumilikdə 70 min nəfər repressiya edilib ki, bunun da 29 mini ziyalıdır. Podqoritsa şəhərinin Kral Parkında büstü ucalan mütəfəkkir şair Hüseyn Cavid də həmin repressiya qurbanlarından biri idi.

Bəli, bu bir fakdır ki, Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli istiqlal istəyini öz vətənpərvər və fədakar oğullarının qanı bahasına gerçəkləşdirib. Odur ki, azad və müstəqil yaşamaq bu xalqın halal və qanuni haqqı, 1990-cı ilin 20 yanvar tarixi isə bu mənada milli tariximizin şərəfli səhifəsidir.

Seyran Mirzəzadə

Azərbaycan – Monteneqro İqtisadi və

Mədəni Əlaqələr Mərkəzinin Direktoru

Podqoritsa

Arxiv üzrə axtarış