Milan Roçen: Monteneqro Azərbaycanla dostluq əlaqələrinin dərinləşməsinə böyük önəm verir
Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “AzMont Investments” şirkətinin və Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin dəstəyi ilə Monteneqronun Milli Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Monteneqronun müstəqilliyinin Azərbaycan tərəfindən tanınmasının 10 illiyinə həsr olunan tədbir keçirilib.
Hər iki ölkənin dövlət himninin səslənməsindən sonra Monteneqro Baş nazirinin siyasi məsələlər üzrə baş müşaviri Milan Roçen çıxış edib. O deyib ki, bu gün Azərbaycanı Monteneqronun hər bir guşəsində tanıyırlar. Azərbaycan qədim tarixi və mədəniyyəti olan bir ölkədir. Azərbaycan Dədə Qorqudun, Hüseyn Cavidin vətənidir. Bakıda Rotşildlər, Nobellər yaşayıb, tarix boyu Bakı böyük tarixi şəxsiyyətlərin sığınacaq yeri olub. Monteneqro Azərbaycanla bütün sahələrdə dostluq, əməkdaşlıq əlaqələrinin dərinləşməsinə mühüm əhəmiyyət verir və yalnız siyasi arenada deyil, iqtisadi, mədəni və təhsil sahələrində də yüksək əməkdaşlığa malikdir.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol barədə məlumat verib. Bildirib ki, müstəqilliyin ilk illəri Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlayan və torpaqlarımızın 20 faizinin işğalı, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün yurd-yuvasından didərgin düşməsi ilə nəticələnən qanlı müharibə iqtisadi tənəzzül, siyasi hərc-mərclik, sosial fəlakətlə müşayiət olunurdu. Amma 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və ölkəni çıxılmaz vəziyyətdən və fəlakətdən xilas edərək, gələcək inkişafın və tərəqqinin təməlini qoydu. Bu təməl üzərində möhkəmlənən dövlətçilik bu gün də etibarlı əllərdədir və xalqımız gələcəyə daha inamla baxır. Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan xalqımızın ümummilli lideri Heydər Əliyevin hər il may ayının 10-da doğum günü qeyd edilir və onun xatirəsi ehtiramla yad edilir.
Çıxışlardan sonra Azərbaycan–Monteneqro əlaqələrinə dair videoslayd nümayiş olunub.
Daha sonra tədbir “Müslüm Maqomayev” müsabiqəsinin qalibi, bariton Cavid Səmədovun ifasında və pianoçu Nərgiz Səmədovanın müşayiətində konsert proqramı ilə davam edib.