2016-03-31

Monteneqro Prezidenti: TANAP və TAP Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir

Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir.

Bu sözləri Monteneqronun Prezidenti Filip Vuyanoviç deyib. Təbii qaz idxalının ölkəsinin sənayesinin inkişafına mühüm töhfə verəcəyini və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirən Filip Vuyanoviç qeyd edib: “TANAP-ın tikintisinin yarıdan çoxu tamamlanıb, TAP-ın inşasına isə yaxın vaxtlarda başlanılacaq. 2018-ci ildən etibarən TANAP-la Türkiyəyə 6 milyard kubmetr, 2020-ci ildən isə TAP-la Avropaya 10 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək”.

Monteneqronun Prezidenti deyib ki, İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) isə hələ ki layihə olaraq qalır: “Bu boru kəmərinin Albaniyanın Fier şəhərində TAP-a qoşulması nəzərdə tutulur. İon-Adriatik qaz boru kəməri Albaniyadan başlayaraq Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Xorvatiyanın Split şəhərində başa çatacaq. Lakin bu kəmər növbəti on illiyin ortalarında Azərbaycanın öz dəniz yataqlarından təbii qaz ixracını daha da artırmağı tələb edir”.

Arxiv üzrə axtarış