Monteneqro: Novruza həsr olunmuş tədbir böyük maraq doğurub
Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin, “Azmont Investments” şirkətinin və Azərbaycan - Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə təntənəli Novruz tədbiri keçirilib.
Tədbirdə Monteneqronun yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, parlament üzvləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, Podqoritsada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə bildirib ki, dostluq, həmrəylik, birlik, barışıq bayramı olan Novruz insanları saflığa, yüksək insani dəyərlərə sadiq qalmağa səsləyir. Azərbaycanda Novruz ənənələri haqqında məlumat verən diplomat vurğulayıb ki, bu bayram UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, BMT-nin Baş Məclisi tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunub. Dünyada terrorun və münaqişələrin kəskinləşdiyi bir vaxtda multikulturalizmə və dözümlülüyə, dostluğa və barışığa xidmət edən belə bayramların keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbir iştirakçılarına, həmçinin Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Zəngin multikulturalizm ənənələrinə malik Azərbaycan ümumbəşəri problemlərin həllinə həsr olunmuş müxtəlif qlobal forum, konfrans və tədbirlərin keçirildiyi məkana çevrilib.
Daha sonra qonaqlara Azərbaycan Milli Kulinariya Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış milli mətbəximizin təamları və şirniyyatları təqdim edilib, milli musiqilərimiz səsləndirilib.