Monteneqro Milli Olimpiya Komitəsinin prezidenti: Hesab edirəm ki, Avropa Oyunlarının böyük gələcəyi var
Monteneqronun “Vijesti” qəzetinin saytında “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinin əhəmiyyətindən bəhs edən yazı yerləşdirilib.
Yazıda vurğulanır ki, “Bakı-2015” çoxlu sayda idmançını bir araya gətirməklə Olimpiya Oyunları səviyyəsində yarışları xatırladır. İlk Avropa Oyunları bir çox idmançılara gələcək karyeralarında daha böyük uğurlar əldə etmək üçün bir tramplin rolunu oynayır. Köhnə qitənin atletləri bu yarışlar vasitəsilə böyük Olimpiya təcrübəsi qazanırlar.
Məqalədə son illərdə avropalı idmançıların Olimpiya Oyunlarında qazandıqları uğurlardan da bəhs olunur.
Yazıda Monteneqro Milli Olimpiya Komitəsinin prezidenti Duşan Simanoviçin fikirləri də yer alıb: “Hesab edirəm ki, Avropa Oyunlarının böyük gələcəyi var. İştirakçı ölkələr növbəti Avropa Oyunlarına ev sahibliyi etməyə maraq göstərirlər. Avropa idman tarixinin bu cür yarışlara ehtiyacı var idi”.