2015-06-12

“Bakı-2015” Monteneqro mətbuatının diqqət mərkəzində

Monteneqro mətbuatında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı növbəti məqalələr yayılıb.

Bu ölkənin “Vijesti” qəzetində dərc olunmuş yazıda əsasən Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadənin fikirlərinə yer verilib. O deyib: “Azərbaycanlılar Bakının ilk Avropa Oyunlarında ev sahibliyi etməsinə görə qürur hissi keçirirlər. Onlar avropalı qonaqları səbirsizliklə gözləyirlər. Bu yarışlar ölkəmizin zəngin irsini və ənənələrini dünyaya nümayiş etdirmək üçün yaxşı imkandır. Azərbaycana gələn hər bir avropalı Odlar Yurdunun istiliyini hiss edəcək”.

Yazıda S.Mirzəzadə ölkəmizdə idmanın inkişafından, Olimpiya Hərəkatının genişlənməsindən və idmançılarımızın qazandığı uğurlardan bəhs edib. Müasirlik ilə keçmişin vəhdət təşkil etdiyi Bakıdan da danışan diplomat bütün monteneqroluları ölkəmizin zənginlikləri ilə tanış olmaq üçün səfərə dəvət edib.

Məqalədə bildirilir ki, idman ölkəsi kimi tanınan Azərbaycan böyük məmnuniyyətlə ilk Avropa Oyunlarına ev sahibliyi etməyi öhdəsinə götürüb.

Həmin qəzetin saytında yerləşdirilmiş digər bir yazı əsasən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin müsahibəsindən ibarətdir. O deyib: “İlk Avropa Oyunları Azərbaycanın gözəlliklərini bütün dünyaya göstərmək üçün yaxşı imkandır. Biz bu yarışın təşkilatçısı seçilməkdən qürurlanırıq və əminik ki, Bakının bütünlüklə Avropada ən önəmli idman məkanlarından biri olduğunu nümayiş etdirə biləcəyik. Biz yarışlara hazırlaşan zaman innovasiyalardan və yaradıcılıqdan yüksək səviyyədə istifadə etmişik. Qısa müddətdə hazırlıqların başa çatdırılması ilə tarix yazmış olduq”.

Digər bir məqalədə isə Monteneqronun “Bakı-2015”də iştirak edəcək nümayəndə heyətinin rəhbəri Andrija Popoviçin fikirləri yer alıb. O bildirib: “Hesab edirəm ki, Monteneqro yığması yarışlarda yaxşı nəticə əldə edəcək. Çox sevindirici haldır ki, ilk Avropa Oyunlarına məhz Azərbaycan ev sahibliyi edir. Bu yarışın möhtəşəm təşkili ilə Azərbaycan gələcək Oyunlar üçün yüksək standartlar yaradıb”.

Arxiv üzrə axtarış