Monteneqrolu idmançılar Bakıya yüksək əhval-ruhiyyə ilə yola düşürlər
Podqoritsada Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin, bu ölkənin Milli Olimpiya Komitəsinin (MMOK) və ölkəmizin “Azmont Investments” şirkətinin birgə təşkilatçılığı ilə “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı və monteneqrolu idmançıların Bakıya yola salınması mərasimi keçirilib.
Tədbirdə çıxış edən MMOK-un prezidenti Duşan Simonoviç ölkəsini Avropa Oyunlarında təmsil edəcək idmançıların yarışlara tam hazır olduqlarını və böyük ümidlə Bakıya yola düşdüklərini bildirib. Vurğulayıb ki, Azərbaycan ilk Avropa Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi edəcək.
Nümayəndəliyin müşaviri Seyran Mirzəzadə Azərbaycanın yarışlara, bütün idmançıları və qonaqları qəbul etməyə tam hazır olduğunu deyib. O, Monteneqrodan rəsmi və geniş idmançı heyətinin Bakıya səfərindən məmnunluğunu bildirib. Monteneqro idmançılarına uğurlar arzulayan diplomat qeyd edib ki, bütün Avropa qitəsi 17 gün əsl idman bayramı yaşayacaq.
“Azmont Investments” şirkətinin nümayəndəsi Rəşad Rəsullu ilk Avropa Oyunlarının əhəmiyyətini vurğulayaraq tədbirin, eyni zamanda, Azərbaycanın zəngin mədəniyyətinin və qonaqpərvərliyinin nümayiş etdirilməsi üçün imkan yaradacağını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizə səfər edən qonaqlar möhtəşəm mühitdən həzz alacaqlar.