Azərbaycan və Monteneqro arasında İKT sektorunda yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub
Azərbaycanda “Elektron hökumət”in formalaşdırılması, elektron xidmətlərin inkişafı, kibertəhlükəsizlik kimi digər sahələr diqqət mərkəzindədir. Bu istiqamətdə Monteneqro şirkətləri ilə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar var.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Monteneqro Respublikasının elm naziri xanım Sanja Vlahovicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkələrimiz arasında yüksək səviyyədə mövcud olan münasibətlərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də əməkdaşlıq üçün münbit imkanlar açdığını söyləyib.
E.Vəlizadə ölkəmizdə son iki ildə İKT sahəsində aparılan fəaliyyətdən söz açaraq qeyd edib ki, hazırda nazirliyin tabeliyində iki tədqiqat qurumu - Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və Milli Nüvə Tədqiqatları Mərkəzi fəaliyyət göstərir. O, yaradılmaqda olan yüksək texnologiyalar parklarının fəaliyyətinin dövlət tərəfindən dəstəkləndiyini, bu məqsədlə müvafiq güzəştlərin nəzərdə tutulduğunu qeyd edib.
İKT sahəsində əlaqələrin daha da genişləndirilməsindən söz açan Sanja Vlahovic Monteneqroda həyata keçirilən fəaliyyətin Azərbaycan təcrübəsi ilə uzlaşdığını qeyd edib. O, elmi-tədqiqat parklarının inkişafı, xüsusən biotexnologiyalar, kənd təsərrüfatı texnologiyaları, enerji resursları və neft sahəsində kadr hazırlığı məsələləri üzrə tədbirlər görüldüyünü və Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini bildirib.
Tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Sanja Vlahovic səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər sahələrdə də uğurlu inkişaf üçün yeni imkanlar açacağını bildirib.