2015-05-08

“Pedalinac” velosiped klubunun üzvlərinin “Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə” təşəbbüsü

Monteneqronun Budva şəhərində Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları “Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə” təşəbbüsü ilə çıxış edən Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri ilə görüşüblər.

Görüşdə yerli KİV-lərin və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Klubun rəhbəri Mladen Qaçeş yerli KİV-lərə müsahibəsində klub üzvlərinin 2008-ci, 2012-ci, 2014-cü illərdə Olimpiya Oyunları çərçivəsində yarışların keçirildiyi Pekin, London və Soçi şəhərlərinə velosipedlə yürüş etdiklərini xatırladıb və ilk Avropa Oyunlarının açılışınadək Bakıya çatacaqlarına ümid etdiyini bildirib.

Diplomatik nümayəndəliyin müşaviri Seyran Mirzəzadə “Pedalinac” klubunun təşəbbüsünü alqışladıqlarını, Azərbaycanın bu möhtəşəm idman bayramını yüksək səviyyədə keçirməyə tam hazır olduğunu və ilk Avropa Oyunlarının gələcək Oyunlar üçün yeni standartlar yaradacağını diqqətə çatdırıb. O, Azərbaycana səfər edəcək qonaqların ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinə, qonaqpərvərliyə və təşkilatçılığa heyran qalacaqlarına əminliyini bildirib.

Daha sonra klub üzvləri tərəfindən “Bakı-2015” ilk Avropa Oyunlarının təşkilatçıları və iştirakçılarına ünvanlanmış “salam məktubu”na imzalar toplanılıb.

Arxiv üzrə axtarış