“Bakı-2015” ilk Avropa Oyunlarını işıqlandıracaq monteneqrolu jurnalistlərlə görüş keçirilib
Aprelin 16-da Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə bu ölkənin Milli Olimpiya Komitəsində “Bakı-2015” ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə Avropa Oyunları Əməliyyat Komitəsində akkreditasiyadan keçmiş monteneqrolu jurnalistlərlə görüşüb.
Görüşdə ilk Avropa Oyunlarının əhəmiyyəti, təşkilati işlərin hazırkı vəziyyəti haqqında məlumat verən S.Mirzəzadə bu tarixi idman tədbirinin Milli Olimpiya Komitəsinə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi diqqəti və nəzarəti altında hazırlandığını vurğulayıb. Bildirib ki, Azərbaycanda idman və Olimpiya hərəkatı ildən-ilə inkişaf etməkdədir.
Diqqətə çatdırılıb ki, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsində KİV nümayəndələrinin akkreditasiya prosesi Olimpiya Oyunları və futbol çempionatlarında iştirak etmiş peşəkarlar tərəfindən həyata keçirilir. Yeni inşa edilmiş Milli Gimnastika Arenası, Velopark, Bakı Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, 68 min nəfərlik tamaşaçı tutumuna malik Olimpiya Stadionu da daxil olmaqla yarışlar üçün nəzərdə tutulmuş bütün idman obyektləri, həmçinin Olimpiya şəhərciyi bu idman bayramını qəbul etməyə tam hazırdır. Avropa Oyunlarında 6 mindən artıq idmançı və 3 mindən artıq rəsmi nümayəndənin iştirakı nəzərdə tutulub. İdmançılar, iştirakçılar, rəsmi nümayəndələr və jurnalistlərin Azərbaycana səfərlərinin təşkili və yarışları izləmələri üçün Təşkilat və Əməliyyat komitələri, müvafiq dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülməkdədir.
Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilinin çox məşhur peşəkarlara həvalə edildiyini deyən S.Mirzəzadə bu mərasimlərin Azərbaycan mədəniyyətini və müasir Bakının ev sahibi kimi Avropada rolunu nümayiş etdirəcəyinə ümidvar olduğunu qeyd edib.
S.Mirzəzadə bu günədək oyunların yayımı məqsədilə müxtəlif ölkələrin televiziya kanalları ilə müqavilə imzalandığını, Monteneqrodan olan jurnalistlər də daxil olmaqla çoxsaylı media nümayəndələrinin Oyunları işıqlandıracağını vurğulayıb. Qeyd edib ki, Avropanın KİV nümayəndələri öz reportajları və məqalələri ilə bu təntənəli bayramın idman ruhunu Bakıdan bütün dünyaya ötürmək imkanı əldə edəcəklər.
Görüşdə iştirak edən Monteneqro Milli Olimpiya Komitəsinin prezidenti Duşan Simonoviç “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq prosesinə heyran qaldığını və Azərbaycanın bu tarixi idman tədbirini ən yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.