Gömrük Komitəsinin təmsilçisi Monteneqroda təqdimatlar edib
Monteneqronun Podqoritsa şəhərində Dünya Gömrük Təşkilatının yardım missiyası olaraq Monteneqro Gömrük Xidmətində Strateji Planlaşdırma və Fəaliyyətin Qiymətləndirilməsi üzrə seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini Anar Süleymanov da iştirak edib.
Tədbirə Monteneqro Gömrük Xidmətinin modernizasiya üzrə strateji qərarlarının qəbul edilməsində iştirak edən bütün struktur bölmələrinin rəhbər şəxsləri, o cümlədən Monteneqro Gömrük Xidmətinin sədr müavini Ranko Jovovic qatılıb.
Seminarın iş günlərində A. Süleymanov “DGT missiyasının məqsədləri” və “Strateji planlaşdırma” mövzularında təqdimatlar edib. Bundan başqa, təmsilçimiz seminar zamanı Monteneqro Gömrük Xidməti üçün yeni strateji planın işlənməsi, müvafiq strateji hədəflərin və konkret fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və hər bir istiqamət üzrə zəruri indikatorların hazırlanması prosesində tədbir iştirakçılarına yaxından yardım göstərib.
Sonda seminar iştirakçıları ilə birlikdə Monteneqro Gömrük Xidməti üçün növbəti strateji plan layihəsi hazırlanıb.
Məlumatda qeyd edilir ki, Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini Monteneqroya səfər çərçivəsində DGT-nin gömrük modernizasiyası üzrə məsləhətçisi kimi müvafiq akkreditasiya prosesinin ikinci mərhələsini uğurla başa vurub.