Azərbaycan və Monteneqro teatrları arasında əlaqələr genişlənir
Azərbaycan Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov Monteneqronun Azərbaycanda yeni təyin edilmiş səfiri Branko Miliç və Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev ilə görüşüb.
İsrafil İsrafilov səfiri yeni vəzifəyə təyin edilməsi münasibət ilə təbrik edib, ona ölkəmizdə fəaliyyətində uğurlar arzulayıb.
İ.İsrafilov Azərbaycan teatrının tarixi və teatr sənətinin inkişafının prioritet istiqamətləri haqda söhbət açıb. Qeyd edilib ki, Azərbaycan ilə Monteneqro arasında siyasət, iqtisadiyyat, energetika, turizm və başqa sahələrdə əlaqələr uğurla inkişaf edir.
Görüşdə iki teatr arasında əməkdaşlıq məsələləri, qarşılıqlı qastrol səfərlərinin vacibliyi, birgə teatr layihələrinin həyata keçirilməsi və başqa məsələlər müzakirə edilib.
Monteneqronun Azərbaycandakı səfiri Branko Miliç və Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev səmimi qəbul üçün təşəkkürlərini bildirərək qeyd ediblər ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən teatr sənəti sahəsində əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni edəcəklər.