Monteneqroda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib
Fevralın 26-da Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi tərəfindən Podqoritsa şəhərində də Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Tədbirdə Monteneqroda fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarının, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, dini icmaların, KİV-lərin və digər qurumların nümayəndələri iştirak ediblər.
Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub.
Diplomatik nümayəndəliyin müşaviri Seyran Mirzəzadə Xocalı soyqırımı qurbanlarının xatirəsinin dünyanın müxtəlif bölgələrində yad edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət yeritməklə beynəlxalq humanitar hüququn müddəalarını sistematik sürətdə pozub. Bu əməllərə görə erməni təcavüzkarları cavab verməli olacaqlar.
Tədbirdə Azərbaycandakı dini icma rəhbərlərinin “Dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə” birgə müraciətinin tərcüməsi paylanılıb, “Xocalıya ədalət” kampaniyası haqqında geniş məlumat verilib. Kampaniya çərçivəsində imzalanan petisiyaya qoşulan tədbir iştirakçıları “Light a Fire to Fight the Liar” şüarı əsasında Xocalıda amansızlıqla qətlə yetirilmiş şəhidlərin xatirəsini anaraq 613 ədəd şam yandırıblar. Tədbirdə, həmçinin yerli dildə fəaliyyət göstərən www.xocali.me və www.khojaly.me internet səhifələri haqqında məlumat verilib.