2019-03-29
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyində anma mərasimi keçirilmişdir.

 

2019- ci ilin 29 mart tarixində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyində anma mərasimi keçirilmişdir.

Tədbirdə Diplomatik Nümayəndəliyin əməkdaşları, Azərbaycan – Monteneqro mədəni və iqtisadi əlaqələr Mərkəzinin üzvləri, Monteneqroda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.

Nümayəndəliyin müşaviri Anar Əcəmov Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərlə yanaşı, eləcə də 1918-ci ilin mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi ərazilərində 150-dən artıq kəndin xarabalığa çevrildiyini bildirmişdir. A. Əcəmov Şuşada törədilmiş qırğınlar nəticəsində 50 mindən artıq, Bakıda isə 30 min adam həlak olması barədə məlumat vermişdir.

O, həmçinin erməni millətçiləri tərəfindən aralıqla xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir.

Müşavir 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etmişdir.

Sonda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz Monteneqronun dövlət və hökumət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Monteneqroda fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər