2017-03-31
2017- ci ilin 30 mart tarixində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyində anma mərasimi keçirilmişdir.

Tədbirdə Diplomatik Nümayəndəliyin əməkdaşları, Azərbaycan – Monteneqro mədəni və iqtisadi əlaqələr Mərkəzinin üzvləri, Monteneqroda yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Podqortisa şəhərinin müsəlman icmasının nümayəndələri, Turkiyə Cumhuriyyətinin Monteneqrodakı Səfirliyinin müşaviri  iştirak etmişlər.

Nümayəndəliyin müşaviri Anar Əcəmov tədbirdə çıxış edərək, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri vəhşiliklər barədə danışıb, bu qanlı hadisələrin xalqın qan yaddaşında əbədi iz buraxdığını bildirmişdir. O, dünya tarixinin ən qanlı və faciəli səhifələrindən olan bu soyqırımı nəticəsində on minlərlə soydaşımızın, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlıların bolşevik-daşnak hərbi birləşmələri tərəfindən qəddarlıqla qətlə yetirildiyini, məscidlər, məktəb binaları yandırıldığını diqqətə çatdırmışdır.

Müşavir son illər ərzində Qubada aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin törətdiyi vəhşilikləri və cinayətləri təsdiqləyən yeni dəlillər üzə çıxdığını nəzərə çatdırmışdır. A.Əcəmov 31 mart hadisələrinin dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınmasının vacibliyini vurğulamışdır. Müşavir erməni millətçiləri tərəfindən aralıqla xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni cinayətkarları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımının mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir.

A.Əcəmov 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı Fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünüdərketməsində mühüm rol oynadığını qeyd etmişdir.

Sonda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

növbəti xəbər əvvəlki xəbər