2015-05-12
Monteneqrodakı beynəlxalq kitab sərgisində “Azərbaycan xalçaları - İrəvan qrupu” nəşri mükafata layiq görülüb

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi 10-cu Beynəlxalq Podqoritsa kitab sərgisində təmsil olunub. Sərgidə nümayəndəliyimiz və Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və iqtisadiyyatı, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair rus, ingilis, serb və Monteneqro dillərində kitablar nümayiş olunub. “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən ümummilli lider Heydər Əliyevə həsr olunan kitab, Elçin Əfəndiyevin “Ölüm hökmü” əsəri, uşaqlar üçün Azərbaycan şairlərinin şeirlər toplusu, Üzeyir Hacıbəylinin bioqrafiyası, Azərbaycan-serb lüğəti və digər nəşrlər sərgidə maraqla qarşılanıb.

Dünyanın müxtəlif ölkələrinin təmsil olunduğu, 30 mindən artıq ziyarətçinin qatıldığı sərgidə “Azərbaycan xalçaları - İrəvan qrupu” kitabı münsiflər heyətinin yekdil qərarı ilə “Ən gözəl tərtibatlı nəşr” mükafatına layiq görülüb.

növbəti xəbər əvvəlki xəbər