2016-10-18
18 oktyabr tarixində Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü

Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin (Ofisi), Azərbaycan-Monteneqro iqtisadi və mədəni əlaqələr mərkəzinin və “Azmont Investments” şirkətinin təşkilatçılığı və dəstəyi ilə cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə, Monteneqronun Podqoritsa şəhərindəki “18 oktyabr” məktəbində bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə Monteneqronun Baş nazirinin müavini Petar İvanoviç, Monteneqro hökumətinin, Təhsil Nazirliyinin, diplomatik  korpusun və  yerli KİV-in nümayəndələri  iştirak etmişlər.

Tədbirdə çıxış edən Nümayəndəliyin müşaviri Anar Əcəmov bu günün xalqımız üçün əlamətdar gün olduğunu bildirərək, Azərbaycanın dövlətçilik və müstəqillik tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bir çox sahələrdə müxtəlif uğurlara imza atdığı, bu dövr ərzində Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müasir tarixində müstəqil dövlətçiliyimizin möhkəmlənməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin inkişafı və möhkəmləndirilməsinə nail olmasında əvəzis rol oynadığını bildirmişdir. H.Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinim vurğulamışdır.

A.Əcəmov, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, bu əlamətdar tarixin bir sıra ölkələrdə təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən Baş nazirin müavini Petar İvanoviç və məktəbin direktoru Danka Mixayloviç Azərbaycan-Monteneqro münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf edərək, qısa müddət ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd etmiş və Azərbaycanın Müstəqillik günü münasibətilə təbriklərini ifadə etmişlər. 

Tədbirdə məktəblilərin ifasında Azərbaycanın himni səsləndirilmiş, Monteneqro dilində çapdan çıxmış Azərbaycanın uşaq şerlərindən ibarət “Sevinc qaynağı” kitabı təqdim olunmuşdur. Tədbir yerli KİV-də işıqlandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər